Allahverənov Azər Kərim oğlu 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə Kazan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Sosial fəlsəfə üzrə fəlsəfə doktorudur. 2020-ci ildən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, 2021-ci ildən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, 2023-cü ildən Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvüdür. Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi 21 noyabr 2020-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Birliyin əsas məqsədi miqrasiya sahəsinin inkişafına yardım etməkdən ibarətdir. Birlik məqsədinə çatmaq üçün bu sahədə dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ edir, miqrantların maarifləndirilməsinə köməklik göstərir, müvafiq istiqamətdə maarifləndirmə işi aparır və beynəlxalq təcrübəni yaxından öyrənir. Bunun üçün Birlik Avrasiya məkanında gedən miqrasiya proseslərinin və insan mobilliyinin effektiv idarə olunması sahəsində tətbiq olunan mütərəqqi modelləri araşdırır, onların Azərbaycanda tətbiqinə dair təşəbbüslərlə çıxış edir, vahid platforma üzərindən Avrasiya məkanında miqrasiya təşəbbüslərinə dair məlumat və təcrübə mübadiləsini həyata keçirir, Azərbaycanda miqrasiya potensiallarının artırılması və beynəlxalq təcrübəyə əsaslanaraq miqrantların mobilliyinin təmin olunması istiqamətində vətəndaş cəmiyyəti institutlarının səylərini səfərbər edir.