Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib – FOTOLAR
- Yanvar 8, 2025
- Posted by: Mapngo
- Categories: MƏP Xəbər, Uncategorized

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovla Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçilərinin görüşü keçirilib. Vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daima inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edən Xidmət rəisi xüsusilə vurğulayıb ki, miqrasiya sahəsində aktuallığı ilə xarakterizə edilən əksər məsələlərin həlli müxtəlif sektorlardan olan tərəfdaşlarla qurulan və inkişaf etdirilən sıx əməkdaşlıq sayəsində mümkündür. Bu səbəbdən miqrasiya sahəsində yeni bir koalisiyanın yaradılmasını müsbət hal kimi dəyərləndirən və bu təşəbbüsü təqdir edən Xidmət rəisi bu ictimai təsisatla gələcək əməkdaşlıq perspektivlərinin əsas konturlarını və birgə fəaliyyət spektrini müəyyən edib. Miqrasiya Əməkdaşlıq Platformasının yaradılması zərurəti barədə danışan “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri bildirib ki, miqrasiya sahəsində fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti institutunun təşəbbüsü ilə 2023-cü ilin 18 oktyabr tarixində təsis edilən Platformanın məqsədi miqrasiya sahəsində həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdir. Bunun üçün Platforma miqrasiya fenomeninin müxtəlif istiqamətlərində büruzə verən aktual məsələləri mövcud reallığa uyğun dəyərləndirir, onların mahiyyəti barədə geniş ictimaiyyət arasında təsəvvürlər formalaşdırır və həllinə səbəb olacaq təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim edir. Görüşdə vurğulanıb ki, şəffaflıq, tərəfdaşlıq, qarşılıqlı hörmət və etimad prinsipləri əsasında və koalisiyya şəklində fəaliyyət göstərən Platformanın əsas fəaliyyəti onu təsis edən vətəndaş cəmiyyəti institutlarından ibarət Əlaqələndirmə Mərkəzi və onun tərkibində formalaşmış sahəvi işçi qruplar vasitəsilə həyata keçirilir. Qarşılıqlı və faydalı müzakirə şəraitində keçən görüşdə miqrasiya siyasətinin həyata keçirilməsində birgə səylərin göstərilməsi, xüsusilə də yerli və beynəlxalq müstəvidə təşəbbüslərin irəli sürülməsi və yaxın gələcəkdə inkişaf etdiriləcək əməkdaşlığın siyasi çərçivələri və institusional əsasları ətrafında fikir mübadiləsi aparılıb. Sonda Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri səmimi görüşün keçirilməsinə şərait yaratdığı üçün Xidmət rəisi Vüsal Hüseynova dərin təşəkkürlərini bildiriblər.